Sivilizasiyanın inkişaf körpüsü: Yazının doğuluşu
Tarix boyu insan cəmiyyəti yaşadığı təcrübələri,
topladığı bilikləri və formalaşdırdığı düşüncələri qorumaq, paylaşmaq və gələcək
nəsillərə ötürmək ehtiyacı duymuşdur. Əvvəlcə bu məqsədlə şifahi ənənələrə,
miflərə, əfsanələrə və hekayələrə üz tutan insanlar, zaman keçdikcə fəaliyyət
sahələrinin mürəkkəbləşməsi fonunda yazını tarixin axarını dəyişdirən inqilabi
bir ixtira kimi meydana gətirmişlər. Bu səbəbdən yazı, insanlığın inkişaf
yolunda atılmış ən mühüm addımlardan biri hesab olunur. O, yalnız informasiya
mübadiləsini mümkün edən texniki bir vasitə deyil, həm də sivilizasiyaların təşəkkülü
və mədəniyyətin sistemləşməsi üçün bünövrə rolu oynayan bir alətdir. Yazı vasitəsilə
cəmiyyətlər öz hüquqi qaydalarını müəyyənləşdirmiş, dini inanc sistemlərini
sabitləşdirmiş, iqtisadi münasibətləri rəsmiləşdirmiş və tarixi hadisələri qeyd
altına almışlar. Hər bir yazı nümunəsi təkcə texniki məlumat daşıyıcısı deyil,
həm də həmin dövr insanının dünyanı necə dərk etdiyini, nəyə inandığını, hansı
dəyərlərə üstünlük verdiyini əks etdirən mədəni bir izdir.
Ən qədim yazı növləri məhz bu baxımdan xüsusi əhəmiyyət
daşıyır. Onlar təkcə yazının texniki və struktur xüsusiyyətlərini deyil, həm də
o dövr sivilizasiyalarının intellektual səviyyəsini, ictimai təşkilatlanmasını
və düşüncə sistemini təhlil etməyə imkan verir.
Belə ki, ən qədim və sistemli yazı növlərindən
biri Şumerlərə məxsus olan mixi yazıdır (akkad dilində “cuneiform”, yəni
“mixvari formalar”). Bu yazı forması eramızdan əvvəl təxminən 3400-cü illərdə
Mesopotamiya (müasir İraq) ərazisində, Dəclə və Fərat çayları arasında yerləşən
qədim sivilizasiya beşiyində meydana
çıxmışdır. İlk baxışda sadə işarələrdən ibarət olan bu sistem, əslində zamanla
mürəkkəb və çevik bir yazı forması halına gəlmiş, Şumer mədəniyyətindən
başlayaraq, min illər boyunca müxtəlif sivilizasiyalar tərəfindən istifadə
olunmuşdur.
Mixi yazı ilk dövrlərdə əsasən piktoqrafik, yəni
şəkil formasında olmuşdur. İnsanlar istədikləri anlayışları və ya əşyaları
birbaşa təsvir edərək, qeyd etmişlər. Məsələn, taxıl anbarı üçün bir sünbül şəkli,
ya da mal-qara üçün buynuzlu heyvan təsviri çəkilirdi. Lakin cəmiyyətin
inkişafı, iqtisadi və inzibati sistemin mürəkkəbləşməsi, daha çox informasiya
ehtiyacını doğurdu. Bu isə yazının fonetik səviyyədə inkişafını labüd etdi.
Artıq işarələr təkcə əşyanı deyil, həmin əşyanın adındakı səsi də təmsil etməyə
başladı. Beləliklə, mixi yazı tədricən fonetik elementləri özündə birləşdirərək,
logofonetik bir sistemə çevrildi.
Bu yazı gil lövhələr üzərinə qamışdan
hazırlanmış xüsusi qələmlərlə yazılırdı. Yazı alətinin ucu üçbucaq formalı
olub, gil üzərində müxtəlif istiqamətlərdə basdırılaraq, mixvari izlər buraxdığı
üçün yazı “mixi” adlandırılır. Ən maraqlı
cəhətlərdən biri odur ki, bu lövhələr odla bərkidildikdə min illər boyunca
saxlana bilirdi. Bu gün arxeoloqlar Mesopotamiyadakı qazıntılar zamanı on minlərlə
belə lövhə tapmış, onların bəzilərini oxuyaraq, qədim dünyanın hüquqi
sistemini, iqtisadi fəaliyyətini və gündəlik həyatını öyrənmişlər.
Mixi yazı ilkin mərhələdə əməkhaqqı ödənişləri,
vergilərin qeydiyyatı, əmtəə siyahıları və yer dəyişmələri kimi iqtisadi məqsədlər
üçün istifadə olunurdu. Lakin yazının potensialı çox keçmədən genişləndi. Şumerlər
bu yazını hüquqi sənədlər, dini himnlər, astroloji müşahidələr, ədəbi əsərlər və
hətta məktəb tədrisi üçün də tətbiq etməyə başladılar. Dünyanın ilk yazılı ədəbiyyat
nümunəsi sayılan “Gilqameş dastanı” da məhz mixi yazı ilə gil lövhələr üzərinə
yazılmışdır. Bu mətn təkcə epik qəhrəmanlıq hekayəsi deyil, həm də insanın
ölümlə münasibətinə dair fəlsəfi düşüncəni əks etdirir.
Bununla yanaşı mixi yazının əhatə dairəsi
Şumerlərlə məhdudlaşmamış, sonradan Mesopotamiyanın digər böyük dövlətləri olan
Akkad, Babil və Assur imperiyalarına da keçmişdir. Bu dövlətlər öz dillərində,
lakin eyni yazı sistemindən istifadə edərək, çoxsaylı inzibati və dini mətnlər
yaratmışlar. Hətta daha sonrakı dövrlərdə, mixi yazı siyasi gücünü itirsə belə,
diplomatik yazışmalarda və elmi tədrisdə hələ uzun müddət mövcud olmuşdur.
Belə ki, XX əsrin əvvəllərində arxeoloqlar
İraqın cənubunda aparılan qazıntılarda bir məktəbə aid gil lövhələr
tapmışdılar. Bu lövhələrdə gənc şagirdlərin mixi yazı simvollarını təkrar
etdikləri görünürdü. Onlardan birində şagird müəllimindən şikayət edərək,
yazmışdı: “O mənə qamçı ilə vurdu, çünki mən düzgün yazmadım.” Bu isə sübut
edir ki, yazı öyrənmək qədimdə də həm çətin, həm də ciddi bir proses olub.
Beləliklə, mixi yazı sadəcə bir ünsiyyət vasitəsi
deyil, eyni zamanda, qədim Mesopotamiya sivilizasiyasının hüquqi, sosial və mədəni
yaddaşını bu günümüzə daşıyan qiymətli bir mirasdır. Bu yazı forması insan
tarixində yazının informasiya daşıyıcısı kimi necə formalaşdığını anlamaq üçün
mühüm açarlardan biridir.
Qədim yazı formaları arasında özünəməxsusluğu
ilə seçilən növlərdən biri də Misir heroqlifləridir.
Təxminən e.ə. 3100-cü ildən istifadə olunmağa başlanan bu yazı sistemi əsasən məbədlərdə,
məzar abidələrində və papiruslar üzərində tətbiq olunmuşdur. Heroqliflər
simvolik və fonetik mənaları özündə birləşdirən mürəkkəb yazı sistemidir. Onlara
qədim misirlilərin dini dünyagörüşünü, miflərini və gündəlik həyatını əks etdirən
minlərlə mənbədə rast gəlinir. Heroqlif yazı, eyni zamanda, dekorativ sənət
kimi də böyük əhəmiyyət daşıyıb və bu gün də Misir sivilizasiyasının ən tanınan
mədəni göstəricilərindən biridir.
Digər yazı nümunəsi Qədim Hind vadisi
sivilizasiyasında istifadə olunan yazı forması isə elmi ədəbiyyatda “proto-Hind
yazısı”dır. Bu yazı forması e.ə. 2600-1900-cü illərə təsadüf edir. Arxeoloji
qazıntılar nəticəsində aşkarlanmış möhürlər və kiçik lövhələr üzərindəki
yazılar bu mədəniyyətin inkişaf etmiş bir ünsiyyət sistemi olduğunu göstərsə də,
təəssüf ki, hind yazı sistemi bu günə qədər tam şəkildə oxuna bilməyib. Bu səbəbdən
də, Hind vadisi yazısının dəqiq strukturu və dili hələ də mübahisə mövzusudur.
Daha bir diqqətəlayiq qədim yazı forması Çin
orakl sümüyü yazısıdır. Bu yazı e.ə. 1200-cü illərə aiddir və heyvan sümükləri
ilə tısbağa qabıqları üzərində yazılmışdır. Əsasən, kahinlər tərəfindən gələcək
hadisələri proqnozlaşdırmaq məqsədilə istifadə olunan bu yazı forması qədim Çin
inancı və idarəetmə sistemi ilə sıx bağlı idi. Əhəmiyyətli cəhəti isə budur ki,
Çin yazısı zamanla təkmilləşərək, bu günə qədər yaşamağı bacaran nadir yazı
sistemlərindən birinə çevrilmişdir.
Nəticə olaraq demək olar ki, yazının yaranması
bəşər tarixində mühüm bir mərhələ olmuşdur. Ən qədim yazı sistemləri sadəcə
texniki alət deyil, həm də qədim xalqların mədəniyyətini, inanclarını və
ictimai quruluşunu bizə çatdıran bir körpü rolunu oynayır. Bu yazılar sayəsində
biz min illər əvvəl yaşamış insanların həyatına, düşüncələrinə və cəmiyyətlərinə
nəzər sala bilirik. Yazı bəşəriyyətin kollektiv yaddaşıdır və onun ilk nümunələri
bizim bu yaddaşı anlamağımız üçün açar rolunu oynayır.
Tərcüməçi
Hüseynova Şəlalə